Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Çağdaş təbabət: Yeniliklər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi

21-23 iyun 2023-cü il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Çağdaş təbabət: Yeniliklər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Elmi konfransın açılış mərasimində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videofilm nümayiş olundu. Açılış nitqi ilə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru prof. dr. Əziz Əliyev Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına verdiyi töhfədən danışdı. Bildirdi ki, Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərinin ən bariz nümunələrindən biri, əhalinin sağlamlığının mühafizəsinə, sağlam gələcəyinin təmin edilməsinə göstərdiyi diqqət və qayğıdır. Onun bu sahədə fəaliyyəti çoxşaxəli olub. Ulu Öndərin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı qısa bir zamanda beynəlxalq arenada qabaqcıl mövqelərə çıxarıb. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bugün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Professor Əziz Əliyev xatırladıb ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Filialın yaradılması Mehriban xanımın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Onun dəstəyi nəticəsində filialın klinik bazalarına Azərbaycan klinikaları, o cümlədən Bakı Sağlamlıq Mərkəzi daxil edilib. Tələbələrə təbabət sahəsində dünya standartlarına uyğun dərslər keçirilir. Baş tutmuş konfransda səhiyyə idarəçiləri, xarici və azərbaycanlı həkimlər, özəl və dövlət tibb müəssisələrinin rəhbərləri iştirak etdilər. 3 gün davam edən konfransın ilk günü “Laparoskopiya və histereskopiya” və “Tibbi idarəetmədə yeniliklər” adlı kurslardan ibarət oldu. Konfransın 2-ci günü “Müsair tibbi idarəetmə aspektləri və keyfiyyətə nəzarətə baxış”, “Ürək-damar xəstəliklərinə yeni baxış”, “Müasir cərrahi yanaşmalar” panellərini əhatə edirdi. Konfransın son günü “Terapiyada yeniliklər” və praktik hissə olan “Canlı cərrahiyyə” ilə davam etdi. Bağlanış nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru dos. dr. Asiman Həsənov son illərdə ölkəmizdə səhiyyə sisteminin inkişafı istiqamətində atılan addımlardan söz açdı. Səhiyyəmizin inkişafı üçün bu cür elmi-praktiki konfransların cavibliyini vurguladı və belə tədbirlərin davamlı olacağını qeyd etdi.

Diqər xəbərlər